ARAF Kuboku


9 Dekabr 2017-ci il tarixdə Binə Atçılıq Mərkəzinin qapalı manejində bu ilin son konkur yarışı keçiriləcəkdir. E, M* və S* kateqoriyaları üzrə təşkil olunacaq “ARAF Kuboku” adlı turnirdə Azərbaycanın müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları iştirak edəcəkdir. Ümumilikdə 30-dək idmançı və atın iştirakı gözlənilir. Bir gün keçiriləcək turnir saat 10-dan etibarən baş tutacaqdır. İlk olaraq E kateqoriyası üzrə 80 sm hündürlükdə qurulacaq maneələrdən ibarət vaxta qarşı yarışla turnir açıq elan olunacaqdır. Bu yarışda 20 yaşadək olan yeniyetmə idmançıların iştirakına icazə verilir. Günün ikinci yarışı hər yaş kateqoriyasında olan idmançılar üçün açıq olacaqdır. Bu yarışda ən hündür maneə 120 sm olaraq nəzərdə tutulmuşdur. Günün əsas yarışı isə saat 12:00-da keçiriləcəkdir. Yenə də hər yaş qrupuna aid olan idmançıların iştirak edəcəyi bu yarışın nəticəsində ARAF Kubokunun sahibi müəyyən olunacaqdır. Turnirin ümumi mükafat fondu 5000 manat təşkil edəcəkdir.