Azərbaycan Respublikası Atçılıq Federasiyası 2017-ci ilə rəsmi yekun vurdu


    24 dekabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının Atçılıq Federasiyasında (ARAF) 2017-ci ilin yekunlarına dair təntənəli mərasim keçirilib.
    Mərasimdə il ərzində yüksək nailiyyətlər əldə etmiş idmançılar, məşqçilər, hakimlər ve digər idman xadimləri, həmçinin idman klubları Federasiyanın prezidenti  Elçin Quliyev tərəfindən fəxri fərman və pul mükafatları ilə təltif ediliblər.

2017-ci ilin yekunlarına əsasən Polo üzrə Azərbaycan Milli komandası, Süvarilər dəstəsi fəxri fərman və pul mükafatı ilə, CBC Sport tv, İdman Azərbaycan televiziyası fəxri fərmanla tətif ediliblər.

 

    İlin idmançısı nominasiyası üzrə-Musayev Seyid Yaqub oğlu, Konkur üzrə ilin məşqçisi-Musayev Səməd Yusif oğlu, Konkur üzrə ilin klubu-Sərhədçi Atçılıq klubu, ilin jokeyi- Məmmədov Məcid İntizam oğlu, Cıdır üzrə ilin məşqçisi-İbrahimov Ramiz Məmməd oğlu, Cıdır üzrə ilin klubu- Xan-Xan Atçılıq klubu, Cıdır üzrə ilin at sahibi- Bünyatov Rafael Rafiq oğlu, Çövkən Milli Atüstü oyunu üzrə ilin komandası-Sərhədçi Çövkən komandası fəxri fərman və pul mükafatları ilə təltif ediliblər.

    Təntənəli tədbirdə 2017-ci ildə atçılıq sahəsində baş verən mühüm hadisələrlə bağlı sənədli film və keçirilmiş CBC Sport Arena Polo üzrə Dünya kuboku  2017 barədə video çarx nümayiş etdirilib. 

          Mərasimdə çıxış edən ARAF-ın prezidenti cənab Elçin Quliyev bildirmişdir: “Ötən ildə Azrərbaycan Atçılıq Federasiyasının üzvləri, yüksək məqsədlərə nail oldular və bununla Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşımıza qoyduğu tapşırıqları yüksək səviyyədə icra etdilər. Atçılığın bütün sahələri üzrə, konkur üzrə, cıdır yarışları üzrə, Çövkən milli oyunlarımız üzrə, Polo üzrə və digər sahələr üzrə nəzərdə tutulmuş illik proqramımız ən yüksək səviyyədə yerinə yetirilib. Bununla yanaşı qeyd etmək istərdim ki, növbəti ildə bizim uğurlarımız daha yüksək səviyyədə olmalıdır.

      Sonda tədbir üçün xüsusi hazırlanmış tort Federasiya prezidenti cənab Elçin Quliyev və nominasiyalar üzrə qaliblər tərəfindən birgə kəsilib.