Azərbaycan ilk dəfə polo üzrə Avropa Çempionatına ev sahibliyi edəcək



       

        Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin atçılıq idmanının inkişafına ali diqqət və qayğısı sayə­sində son illər ərzində qədim tarixə malik atçılıq mədəniyyə­timizin dünya miqyasında təbliğ edilməsi sahəsində önəmli nəticələr əldə olunmuş və atçılıq idman növü üzrə idmançılarımız beynəlxalq səviyyədə böyük nüfuz qazan­mışlar.

        Təkcə 2018-ci ilin sentyabr ayında İtaliyanın Florensiya şə­hə­rində keçirilən sonuncu Avropa çempionatında milli yığma­mızın bütün rəqiblərini geridə qoyaraq yalnız final mərhələsində İtaliya yığmasına məğlub olmaqla turnirin gümüş medallarını qazanması bütün atçılıq idmanı mütəxəssisləri tərəfindən çox böyük nailiyyət kimi qiymətləndirilmişdir.

        3 il əvvəl Dünya Polo Federasiyasının Baş Assambleyasında 2020-ci ildə çempionatın məhz Bakı şəhərində, Azərbaycanda keçirilməsi qərarının verilməsi də bu idman növündə Azərbay­canın qazandığı böyük nüfuzun daha bir ifadəsi olmuşdur.

10-20 sentyabr 2020-ci il tarixlərdə Bakı şəhərində təşkil olunacaq növbəti - 13-cü Polo üzrə Avropa Çempionatında iştirak edəcək komandalar reytinq xallarına əsasən artıq məlum olmuş­lar. Avropanın ən mötəbər tədbirlərindən sayılan bu çempioanat­da 8 ən yaxşı komanda iştirak edəcəkdir. Çempionata ev sahibliyi edəcək Azərbaycan və hazırki Avropa çempionu İtaliya turnirdə birbaşa iştirak hüququ əldə ediblər. Digər koman­da­lar isə Fransa, İngiltərə, İspaniya, İsveçrə, Hollandiya və Avstri­ya olacaqlar. Önəmlidir ki, bu milli yığmalar Avropanın ən titullu komandalarıdır. Onlardan – İngiltərə 6 qat Avropa çempionu, Fransa və İtaliya – 2 qat Avropa çempionlarıdır. İspaniya yığması isə 1 dəfə Avropa birinciliyinin ən yüksək pilləsinə yüksələ bilmişdir.

        Atçılıq Federasiyasının təşkilatçılığı ilə Bakı şəhərində keçi­riləcək Avropa Çempionatında iştirak edəcək milli komandanın tərkibi də müəyyən edilmişdir. Heyət Argentinada keçirilən çem­pionat qabağı ilk təlim-məşq toplanışından yanvar ayında geri qayıt­­mışdır. Növbəti təlim-məşq toplanışı yenidən Argentinada mart ayından etibarən 90 günlük təşkil olunacaqdır.

        13-cü Avropa çempionatının keçiriləcəyi Binə Atçılıq Mərkə­zinin ərazisində hazırda ümumi sa­həsi 7 hektardan artıq olan, təx­minən 8 tam ölçülü futbol mey­dançası böyüklüyündə meydan­ça­nın inşasına başlanılmışdır və işlər sürətlə davam etdirilir.

       

Azərbaycan Respublikasının Atçılıq Federasiyası