|
Haqqımızda Hələ ötən əsrin 70-ci illərindən Azərbaycana rəhbərlik etdiyi dövrdə bədən tərbiyəsinin, idmanın inkişafına xüsusi diqqət yetirən Ulu Öndər Heydər Əliyev 1994-cü il iyul ayının 26-da Gənclər və İdman Nazirliyinin yaradılmasına dair fərman imzaladı və bununla da , ölkəmizdə idmanın inkişafı üçün ilkin zəmin yarandı. 1990-93-cü illərdə ölkəmizdə tənəzzül prosesi getdiyindən Milli Olimpiya Komitəsi də əhatəli işlər görə bilmirdi. 1997-ci ilin iyul ayının 31-də Milli Olimpiya Komitəsinin Baş Məclisinin toplantısında cənab İlham Əliyev Komitənin prezidenti seçildikdən sonra yığılıb qalmış çoxsaylı problemlərin həllinə başlanıldı. İdmanın böhrandan çıxarılması, inkişaf etdirilməsi məqsədi ilə silsilə tədbirlər həyata keçirildi. Ölkəmizdə dünya standartlarına cavab verən çoxsaylı olimpiya-idman mərkəzləri istifadəyə verildi, olimpiya hərəkatı geniş vüsət aldı. 1996-cı ilin oktyabr ayının 26-da Azərbaycan Respublikası Atçılıq İdmanı Federasiyası (ARAİF) yaradıldı. Atçılıq Federasiyasının fəaliyyətində əsaslı dönüş isə 2009-cu ilin mart ayının 5-dən sonra başlandı. Həmin gün Milli Olimpiya Komitəsində keçirilən növbəti hesabat-seçki yığıncağında səsvermənin nəticələrinə əsasən, Elçin Quliyev Federasiyanın prezidenti seçildi və idarə heyətinin yeni tərkibi yaradıldı. Az vaxt ərzində federasiyanın yeni nizamnaməsi təsdiq olundu. Federasiyanın adı dəyişdirilərək Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) qoyuldu. Nizamnamənin və adın dəyişdirilməsi ölkəmizdə atçılığın inkişafının yeni istiqamətlərini müəyyənləşdirdi. ARAF atçılığın yalnız idman sahələrini deyil , qeyri-idman və qeyri-olimpiya növlərinin inkişafını da öz öhdəsinə götürdü. |