24 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Atçılıq
Federasiyasında 2023-cü ilin idman nəticələrinin yekunlarına həsr olunmuş tədbir
keçirilib.
Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə,
Gənclər və İdman naziri Fərid Qayıbov, onun müavini Mariana Vasilyeva və federasiyanın
prezidenti Elçin Quliyev iştirak ediblər.
Tədbirdə 2023-cü ilin yekunları
haqqında hesabat məruzəsi ilə çıxış edən federasiyanın baş katibi Bəhruz Nəbiyev
il ərzində ölkə ərazisində keçirilən tədbirlər, beynəlxalq turnirlərdə
iştirak və əldə olunan nailiyyətlər barədə məlumat verib. Federasiyanın fəaliyyət
sahələrinə daxil olan hər bir atçılıq idman sahəsi üzrə tədbirlər barədə qısa,
hesabat xarakterli videomateriallar təqdim olunub.
Daha sonra il ərzində əldə olunmuş
nailiyyətlərə əsasən xüsusi nominasiyalar üzrə qaliblər elan olunub. Qalibləri
Çingiz Hüseynzadə, Fərid Qayıbov və Elçin Quliyev təltif ediblər.
Tədbirin ikinci hissəsində Azərbaycan
Respublikası Atçılıq Federasiyasının Ümumi Yığıncağı keçirilib. Yığıncaqda
Federasiyanın prezidentinin və vitse-prezidentlərinin, idarə heyəti üzvlərinin
seçkiləri baş tutub və Elçin Quliyev növbəti 5 illik müddətə Azərbaycan
Respublikası Atçılıq Federasiyasının prezidenti seçilib.
Elçin Quliyev ona göstərilən etimada
görə minnətdarlığını bildirərək Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün idman növlərinə, o
cümlədən də atçılığa göstərdiyi xüsusi diqqət və qayğısı, atçılığın inkişafı,
həmçinin gələcək planlar, xüsusilə komandaların sayının artırılması və atçılığın
hər bir növünün ayrılıqda inkişaf məsələləri, federasiyanın qarşısında duran məqsədlər
və görüləcək işlər haqqında fikirlərini yığıncaq iştirakçılarına çatdırıb. Federasiyanın
prezidenti 2028-ci ildə keçiriləcək Olimpiya Oyunlarına atçılıq üzrə vəsiqə
qazanılmasının əsəs prioritet məsələ olduğunu
bildirib.
Daha sonra çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Çingiz Hüseynzadə federasiyanın yeni seçilmiş rəhbər heyətini təbrik edib və ölkəmizdə
atçılığın əhəmiyyətindən, gələcəkdə milli atçılığın növü olan çövkən üzrə beynəlxalq
yarışların keçirilməsi imkanlarından danışıb. Atçılığın Olimpiya proqramında
ən qədim idman növlərindən biri olan dresaj üzrə milli komandanın artıq
formalaşmasını yüksək qiymətləndirib.
Gənclər və İdman naziri Fərid Qayıbov çıxış
edərək atçılıq idman növünün spesifikliyi, Azərbaycanın bölgələrində də
atçılığın inkişafı, yeni zavodların fəaliyyətə başlaması məsələlərinə toxunub.
Çıxışının sonunda Gənclər və İdman naziri də yeni seçilmiş heyəti təbrik edib və
gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda tədbir iştirakçıları xatirə fotoşəkilləri
çəkdiriblər.