Çövkən Milli Atüstü Oyunu üzrə Prezident Kuboku turnirinə start verilib .


Azərbaycan Respublikası Atçılıq Federasiyasının təçkilatçılığı ilə Çövkən Milli Atüstü Oyunu üzrə Prezident Kuboku turnirinə start verilib.

Atüstü milli oyunlarımızın qorunub saxlanılması, qədim tarixə malik atçılıq ənənələrinin bərpası, ölkəmizdə atçılıq turizminin təbliği, gənc nəsildə bu sahəyə marağın oyadılması məqsədi ilə artıq yeddinci ildir ki, Prezident Kuboku uğrunda Çövkən Milli oyunu üzrə turnir keçirilir. 

Turnirin təsnifat mərhələsi 11, 13 və 14 dekabr 2018-ci il tarixlərdə keçiriləcək.

11 dekabr 2018-ci il tarixdə Çövkən Milli Atüstü Oyunu üzrə Prezident Kuboku turnirinin qrup üzrə ilk oyunları keçirilib. 5 dekabr tarixdə keçirilən püşkatmanın nəticəsinə əsasən günün ilk oyununda "A" qrupu üzrə Ağstafa Çövkən komandası ilə Murad Çövkən komandası üz-üzə gəlib. Murad Çövkən komandası 7-0 hesabı ilə Ağstafalıları darmadağın edib və komandalarının hesabına 3 xal yazdırıb.

Günün ikinci oyunu "B" qrupundan Qarabağ Çövkən komandası və Köhlən Çövkən komandası arasında baş tutubRəqabətin güclü olduğu bu görüşdə oyun 3-1 hesabı ilə Qarabağ Çövkən komandasının xeyrinə başa çatıb və  3 xal Qarabağın hesabına yazılıb.

Günün ikinci yarısında "B" qrupundan Omar Çövkən komandası ilə Polad Çövkən komandası üz-üzə gəlib.Gərgin mübarizənin qalibi 1-0 hesabı ilə Omar komandası olub və 3 xal Omarın hesabına yazılıb.

Günün qrup üzrə son oyunu  Buta Golden Çövkən komandası ilə Sərhədçi Çövkən komandası arasında baş tutub. Sərhədçilər 6-1 hesabı ilə Buta Golden komandasını açıq ara fərqlə məğlub edərək komandalarına 3 xal qazandırıblar.

Qeyd edək ki, dekabr ayının 13 və 14-ü tarixlərində Çövkən Milli Atüstü Oyunu üzrə Prezident Kuboku turnirinin qrup üzrə digər oyunları keçiriləcək.


Aşağıdakı linkə daxil olaraq qruplar üzrə nəticələrlə tanış ola bilərsiniz.


http://araf.az/pdf/tqrupAoyunlarX.pdf