“Milli Atçılıq Festivalı – 2023” Dünya Çempionatının növbəti oyunu keçirilib


“Milli Atçılıq Festivalı – 2023” Dünya Çempionatının növbəti oyunu keçirilib. Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Milli Atçılıq Festivalı davam edir.5 Noyabr tarixində keçirilmiş Çövkən üzrə Dünya Çempionatının ilk 3 oyununun (Azərbaycan 7-1 Türkiyə, Mərakeş 3-1 Qazaxıstan, Özbəkistan 4-3 Polşa) nəticələrinə uyğun olaraq 6 noyabr tarixində saat 11:00-dan etibarən çempionatın digər 3 oyunu Özbəkistan – Türkiyə, Mərakeş – Polşa, Azərbaycan – Qazaxıstan komandaları arasında keçirilib.Komandalar arasında baş tutan görüşlərin nəticələri Azərbaycan 6-0 Qazaxıstan, Mərakeş 4-0 Polşa, Özbəkistan 3-0 Türkiyə hesabı ilə başa çatıb.Dünya Çempionatının 8 noyabr tarixində saat 16:00-da keçiriləcək növbəti oyununda Polşa – Özbəkistan komandaları 3-cü yer uğrunda mübarizə aparacaq.Saat 17:00-da isə Azərbaycan – Mərakeş komandaları çempionatın final oyununa çıxacaqlar.7 noyabr 2023-cü il tarixində saat 11:00-da cıdır və yorğa qaçışlarına start veriləcəkdir.