PREZİDENT KUBOKU UĞRUNDA ÇÖVKƏN MİLLİ ATÜSTÜ OYUNUNUN FİNALÇILARI BƏLLİ OLDU


23 dekabr 2019-cu il tarixdə Binə Atçılıq Mərkəzinin qapalı manejində Prezident Kuboku uğrunda mübarizə çərçivəsində Çövkən Milli Atüstü Oyununun yarımfinal mərhələsi keçirilib.

Saat 11:00-dan etibarən başlayan ilk oyunda Omar Çövkən Komandası ilə Polad Çövkən Komandası qarşılaşıblar. Gərgin mübarizə şəraitində keçən görüşdə Omar Çövkən Komandası rəqibi üzərində 2-1 hesablı qələbə qazanıb.

Günün ikinci yarımfinal görüşü Buta Qolden Çövkən Komandası ilə Sərhədçi Çövkən Komandası arasında baş tutub. İlk hissənin qolsuz keçməsinə baxmayaraq ikinci hissədə Buta Qolden Çövkən Komandası rəqibi üzərində üstünlük əldə edərək 4-1  hesablı qələbə əldə edib.

24 dekabr 2019-cu il tarixdə keçiriləcək oyunun finalçıları bəlli olub. Saat 11:00-dan etibarən başlayacaq oyunlarda ilk olaraq Polad və Sərhədçi çövkən komandaları üçüncülük uğrunda mübarizə aparacaqlar. Bu oyunun ardınca isə Buta Qolden və Omar Çövkən komandaları Prezident Kubokunun qalibi olmaq yolunda final oyununda qarşı-qarşıya gələcəklər.

Atçılıq həvəskarları tərəfindən final qarşılasması maraqla gözlənilir. Xüsusi qonaqların da iştirakı ilə keçiriləcək oyunu yüzlərlə tamaşaçı izləyəcək.

Xatırladaq ki, yarışın ümumi mükafat fondu 50000 manat təşkil edir.